CƏMİYYƏT


Uyğunlaşma tədbirlərinin işlənib hazırlanması bütün Xəzəryanı ölkələr və region üçün həyati əhəmiyyətli məsələdir

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 5-də Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi Xəzərə həsr edilmiş beynəlxalq konfrans keçirəcək. Nazirliyin Hidrometeoroloji xidmətinin rəhbəri Umayra Tağıyeva bu tədbirin media tərəfdaşı olan AZƏRTAC-a müsahibəsində konfransın məqsədləri və vəzifələri barədə söhbət açıb.

U.Tağıyeva deyib: “Xəzər dənizinin region ölkələri üçün əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Beş ölkənin sahillərini yuyan Xəzər təsərrüfat baxımından, iqtisadi və strateji baxımdan əhəmiyyət kəsb etməklə bərabər həm də regionda iqlimi müəyyən edən təsirə malikdir. Dəniz səviyyəsinin qalxıb-enməsi həmişə xalq təsərrüfatına böyük ziyan vurub.

1978-1995-ci illər hamımızın yadındadır. O vaxt Xəzərin səviyyəsinin 2,5 metr qalxması nəticəsində bir sıra infrastruktur obyektləri və yaşayış məntəqələri su altında qaldı.

İndi Xəzər dayazlaşır. Son 15 ildə onun səviyyəsi təqribən 1,5 metr aşağı düşüb. 1977-ci ildə qeydə alınmış 100-illik minimuma çatmaq üçün cəmi 80 santimetr qalıb.

Çoxillik araşdırmalar nəticəsində məlum olub ki, Xəzərin səviyyəsinin maksimum dəyişmə amplitudu 3 metrə bərabərdir. Əvvəllər 100 il ərzində Xəzərin dəyişmələri belə adlandırılan “nisbi sabit iqlim” dövrünə düşürdüsə, indi iqlim dəyişmələri bu prosesə təsir göstərir.

Təəssüf ki, son 10 ildə iqlim dəyişmələri prosesi dünya alimlərinin əvvəl proqnozlaşdırdığı ilə müqayisədə daha sürətlə baş verir. Bu isə bütövlükdə ekosistemə təsir göstərir. Bununla əlaqədar, ən real proqnozun – Xəzərin səviyyə dəyişmələri ssenarisinin müəyyən edilməsi, eləcə də uyğunlaşma tədbirlərinin işlənib hazırlanması bütün Xəzəryanı ölkələr və ətraf region üçün həyati əhəmiyyətli məsələdir.

Məhz bu məqsədlə iyulun 5-də Xəzəryanı ölkələrin hidrometeoroloji xidmətlərinin rəhbərləri və alimlər, xarici ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfransda fikir mübadiləsi aparacaqlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.