MƏDƏNİYYƏT
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının zəngin proqramı təqdim olunub VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 6-dan 10-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı oktyabrın 5-də “JW Marriott Absheron” otelində mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli, “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov və “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə çıxış ediblər.
Bildirilib ki, kitab sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunur. Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.
Sərgidə uşaqlar üçün Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında kukla tamaşaları, “uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil ediləcək. Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar sərgidə iştirak edəcəklər. İştirakçılar tərəfindən sərgidə satışa çıxarılacaq bütün kitablara böyük endirimlər nəzərdə tutulur.
Qeyd edilib ki, sərgidə 12 ölkədən 43 xarici şirkət, Azərbaycandan isə 100-dən çox yerli nəşriyyat evləri, mətbəələr, kitab mağazaları, mədəniyyət mərkəzləri və poliqrafiya şirkətləri iştirak edəcək.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.