SİYASƏT
Vaşinqtonda “Türk-ABŞ milli liderlik” konfransı keçiriləcəkdir
Bakı, 14 mart (AZƏRTAC). Martın 17-dən 19-dək Vaşinqtonda Amerika-Türk Assosiasiyaları Assambleyası (ATAA) və Türk-Amerika Assosiasiyaları Federasiyasının (TAAF) birgə təşkilatçılığı ilə “Türk-ABŞ milli liderlik” konfransı keçiriləcəkdir.
AZƏRTAC Amerika-Türk Assosiasiyaları Assambleyasının saytına istinadla xəbər verir ki, Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) də qatılacağı konfransda əsas diqqət ABŞ-dakı türk icmalarının fəaliyyətinə, Birləşmiş Ştatlar ilə Türkiyə arasında münasibətlərin möhkəmləndirilməsi məsələsinə yönəldiləcəkdir.
Konfransda, həmçinin ABŞ-dakı türk təşkilatlarının problemləri, onların fəaliyyətinin istiqamətləri müzakirə olunacaqdır.
Türkiyənin Avropa İttifaqı məsələləri üzrə xüsusi nümayəndəsi Egemen Bağış, ABŞ Konqresinin üzvü Virciniya Foks, aparıcı elmi-tədqiqat institutlarının ekspertləri, Azərbaycan və türk təşkilatlarının rəhbərləri məruzələrlə çıxış edəcəklər.
Bundan əlavə, türk təşkilatlarının təmsil olunduqları ştatların Konqresdəki nümayəndələri ilə görüşləri də nəzərdə tutulmuşdur.