DÜNYA
Vatikandakı İsveçrə qvardiyası üçün könüllülər axtarılır
Bern, 9 oktyabr, AZƏRTAC
Vatikanda Roma Papasının mühafizəsini həyata keçirən İsveçrə qvardiyaçıları öz sıralarına yeni üzv qəbul etmək üçün könüllü axtarırlar.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə yaşı 17-20 arasında olan 17 gənc İsveçrə vətəndaşı hazırda Vatikanda bir həftəlik yoxlanış kursundadır. Onlara qvardiyaçıların gündəlik iş prosesi və mühafizə korpusunun qarşısında duran vəzifələrlə yaxından tanışlıq imkanı yaradılacaq. Gənclərə, həmçinin Roma Papasının şəxsi qəbulunda olma fürsəti veriləcək.
Xatırladaq ki, İsveçrə qvardiyası maraqlananlar üçün ildə bir dəfə həftəlik tanışlıq səfəri təşkil edir. Qvardiyada xidmət etmək istəyən şəxslərin içərisindən seçilmiş bir qrup gənc Vatikana səfər etmək imkanı qazanır.
İsveçrə qvardiyaçıları (latınca tam adı: Cohors pedestris Helvetiorum a sacra custodia Pontificis) 1506-cı ildən bəri Roma papalarının şəxsi mühafizəsini həyata keçirirlər. Sayı yaxın gələcəkdə 135 nəfərə çatdırılacaq qvardiyanın əsas vəzifələri Roma Papasının şəxsi təhlükəsizliyini təmin etməklə yanaşı, onu səfərlərdə müşayiət etmək, Vatikanın girişlərinə nəzarət etmək, həmçinin asayişi qorumaqdan ibarətdir. Azı 26 ay davam edən xidmətə hərbi xidmət keçmiş, subay, boyu 1 metr 74 santimetrdən yuxarı, Roma-katolik etiqadına mənsub və 30 yaşa çatmamış İsveçrə vətəndaşları qəbul olunur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern