REGİONLAR
Vətən müharibəsi iştirakçıları, şəhid ailələri hərtərəfli diqqət və qayğı ilə əhatə olunurlar
Naxçıvan, 23 fevral, AZƏRTAC
Naxçıvan şəhərində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, yaralananlar və onların yaxınları, müharibədən zərərçəkənlərlə bağlı yaradılan Psixoloji Dəstək Xidməti işini uğurla davam etdirir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Regional İnformasiya Mərkəzində təşkil olunan xidmətdən hazırda müvafiq kateqoriyadan olan 10 nəfər istifadə edir və həmin şəxslərə mərkəzin psixoloqu tərəfindən lazımi psixoloji bərpa xidmətləri göstərilir.
Qeyd edək ki, sözügedən xidmətə müraciətin daha da asanlaşdırılması məqsədilə nazirliyin rəsmi internet saytı sosial.nmr.az-da “Şəhid ailələri və müharibədə yaralananlara psixoloji dəstək” adlı xüsusi bölmə də istifadəyə verilib. Belə ki, Psixoloji Dəstək Xidmətindən yararlanmaq istəyən muxtar respublika sakinləri həmin bölməyə daxil olmaqla qeydiyyatdan keçə və ya göstərilən əlaqə telefonlarına müraciət edə bilərlər.
Bununla yanaşı, ötən günlərdə nazirliyin saytında, “Şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək” bölməsi yaradılıb. Bu bölməyə daxil olmaqla vətəndaşlar ölkəmizdə, eləcə də muxtar respublikada şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən xidmətlərin təşkili, qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlar və müavinətlərin təyini qaydaları, bu məqsədlə tələb edilən sənədlər və digər zəruri informasiyalarla tanış ola bilərlər. Bu bölmə sual-cavab formatında qurulub və sosial dəstək tədbirləri çərçivəsində ən çox müraciət olunan sahələri əhatə edir.