İQTİSADİYYAT
Vüsal Qasımlı: Asiya ölkələri Zəngəzur dəhlizini dəstəkləyir
Bakı, 16 iyul, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Özbəkistanda “Mərkəzi və Cənubi Asiya regional əlaqələr üzrə çağırışlar və imkanlar” mövzusunda keçirilən konfransda iştirak edərək məruzə təqdim edib.
Bu barədə AZƏRTAC-a İİTKM-dən bildirilib.
V.Qasımlı “Zəngəzur dəhlizi: geoiqtisadi inqilab” adlı məruzəsində deyib ki, Zəngəzur dəhlizi “Şərq-Qərb” marşrutu üzrə diversifikasiya imkanlarını artırır. Buna görə Cənub-Şərqi və Mərkəzi Asiya ölkələri, həmçinin Avropa İttifaqı Zəngəzur dəhlizinin həyata keçirilməsində maraqlıdır. Eyni zamanda, Zəngəzur dəhlizi Şimal-Cənub istiqamətində marşrutun şaxələndirilməsi üçün mühüm rol oynayır. Dəhliz qısa olmaqla yanaşı, vaxta və resurslara qənaət nöqteyi-nəzərindən də əhəmiyyət kəsb edir.
Konfransda Özbəkistan Respublikasının Prezidenti, Əfqanıstan İslam Respublikasının Prezidenti, Pakistan İslam Respublikasının Baş naziri, Orta və Cənubi Asiya ölkələri ilə yanaşı digər ölkələrin xarici işlər nazirləri və ali nümayəndələri, nüfuzlu beynəlxalq və regional təşkilatların rəhbərləri, qlobal maliyyə qurumları və şirkətləri, o cümlədən aparıcı tədqiqat və analitik mərkəzləri iştirak edib.