MƏDƏNİYYƏT


Vyanada “Dmitri Şostakoviç - Qara Qarayev. Tarixin səhifələri” tədbir təşkil olunub

Vyana, 22 dekabr, AZƏRTAC 

Vyana Musiqi və Təsviri İncəsənət Universitetində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Culture Meeting Point” mədəniyyət ocağının təşkil etdiyi tədbirdə qurumun rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas alim Fərəh Tahirovanın “Dmitri Şostakoviç-Qara Qarayev. Tarixin səhifələri” adlı məruzəsi dinlənilib.

“Dmitri Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti Şərqlə Qərbin mədəni dixotomiyasının inikası kimi” layihəsi çərçivəsində reallaşan tədbirdə F.Tahirova XX əsrin dünya musiqisinin iki görkəmli nümayəndəsi Qara Qarayev və Dmitri Şostakoviç arasındakı yaradıcı əlaqələrini tarixi faktların dili ilə təqdim edib. Məruzəçi çıxışında özünün müəllifi olduğu “Dmitri Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti” adlı kitabdan da istinadlar edib.

Vyanada musiqisevərlərə ilk dəfə təqdim olunan tarixi faktlar, arxiv sənədləri və fotolar əsasında Dmitri Şostakoviçin Azərbaycanla əlaqələrinin ümumi mənzərəsi canlandırılıb, xüsusilə də onun azərbaycanlı tələbələri Qara Qarayev, Cövdət Hacıyevlə münasibətlərindən bəhs edilib.

Tədbir iştirakçılarına həmçinin Dmitri Şostakoviçin Azərbaycan Radiosundakı çıxışı səsləndirilib və onun Azərbaycan musiqi mədəniyyətində Üzeyir Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Bülbül, Fikrət Əmirov, Niyazi və digərlərinin oynadığı rol barədə fikirləri təqdim olunub.

Tədbirdə dahi bəstəkar Qara Qarayevin qızı, bəstəkar Züleyxa Qarayevanın atası haqqında xatirələrinin yer aldığı videoçarx nümayiş etdirilib.

F. Tahirova bildirib ki, bu məruzə “Dmitri Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti Şərqlə Qərbin mədəni dixotomiyasının inikası kimi” layihəsinin ikinci və yekun hissəsidir. Bu layihənin ilk hissəsi ötən ilin sentyabr ayında görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunmuşdur.

Bildirilib ki, növbəti layihə Dmitri Şostakoviçin Türkiyə ilə əlaqələrinə və Mustafa Kamal Atatürkün dəvəti ilə onun qardaş ölkəyə səfərinə həsr olunacaq.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.