XOCALI SOYQRIMI QURBANLARININ XATİRƏSİTÜRKİYƏDƏ YAD OLUNACAQDIR
AzerTAg.az
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 25-də Türkiyənin Manisa şəhərində Azərbaycan Kültür və Dayanışma Dərnəyi Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirəcəkdir. Manisa bələdiyyəsinin binasında keçiriləcək tədbirdə faciəni əks etdirən videosüjetlər nümayiş olunacaqdır. Anma mərasimində 250-yə yaxın adamın iştirak edəcəyi gözlənilir. Manisa şəhər bələdiyyəsinin başçısı, valinin müavini, qeyri-hökumət təşkilatları, siyasi partiya nümayəndələri və iş adamları da tədbirə dəvət olunublar.
Fevralın 26-da isə İzmir şəhərində Azərbaycan Kültür və Dayanışma Dərnəyində Xocalı faciəsi anılacaqdır. Bu tədbirdə 400-ə yaxın adam iştirak edəcəkdir. Anma mərasiminin İzmir Fatih Özəl Kollecində keçirilməsi planlaşdırılıb.
İstanbulda da Azərbaycan Kültür və Dayanışma Dərnəyi, eləcə də ölkəmizin İstanbuldakı baş konsulluğu və Azərbaycanın Türkiyədəki təhsil müşavirliyi tərəfindən anma mərasimi keçiriləcəkdir. Uyqulama otelində keçiriləcək tədbirdə İstanbulda təhsil alan azərbaycanlı tələbələr, media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, elm və iş adamları iştirak edəcəklər.
Türkiyənin paytaxtı Ankara şəhərində də Xocalı faciəsi qurbanlarının xatirəsi yad olunacaqdır. Türkiyədəki Azərbaycan səfirliyinin binasında keçiriləcək tədbirdə millət vəkilləri, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, KİV nümayəndələrinin, Ankarada təhsil alan azərbaycanlı tələbələrin, elm və iş adamlarının iştirak edəcəyi gözlənilir. Anma mərasimində Türkiyənin sabiq mədəniyyət naziri Namik Kamal Zeybək çıxış edəcəkdir. Tədbirə tanınmış ictimai xadim, professor İhsan Doğramacının fəxri sədri olduğu Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Fondu da qatılacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var