REGİONLAR
Xaçmaz və Şabrandan olan 3 minə yaxın doqquzuncu sinif şagirdi biliklərini sınayıb
Xaçmaz, 10 mart , Elxan Yusifli, AZƏRTAC
Martın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanının birinci mərhələsində Xaçmaz və Şabranın ümumtəhsil müəssisələrinin 2 min 842 doqquzuncu sinif şagirdi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanlar Xaçmazda 5, Şabranda isə 2 mərkəzdə keçirilib.
Saat 11:00-da başlanan imtahanlarda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılıb.
DİM-in Xaçmaz regional bölməsindən bildirilib ki, 7 mərkəzdə imtahanlar nəzərdə tutulmuş vaxtda, qaydalara uyğun olaraq başlayıb. İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. İmtahanlara 260 nəzarətçi müəllim, o cümlədən 12 imtahan rəhbəri cəlb edilib.
Buraxılış imtahanları Xaçmaz və Şabranla yanaşı, respublikanın daha 25 şəhər və rayonunda təşkil olunub.