REGİONLAR
Xaçmazda qida təhlükəsizliyi üzrə qeydiyyata alınan 50-yə yaxın sahibkarlıq subyektinə sertifikatlar verilib VİDEO
Xaçmaz, 22 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda 50-yə yaxın sahibkarlıq subyektinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qeydiyyatı və dövlət reyestrinin aparılması barədə sertifikatlar təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sertifikatlar noyabrın 22-də Xaçmaz şəhərində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən yerli istehlakçı və sahibkarlarla keçirilən maarifləndirici görüş çərçivəsində verilib.
Görüşdə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınmasının vacibliyindən danışılıb, sahibkarlar prosesdə fəal iştirak etməyə dəvət olunub.
Qida Təhlükəsizliyi Agentliyinin Qeydiyyat və sahibkarlarla iş şöbəsinin müdiri vəzifəsini icra edən Orxan Mikayıl bildirib ki, AQTA fəaliyyətə başladığı dövrdən sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir. Bu görüşlərdə qurumun fəaliyyət istiqamətləri, icra etdiyi vəzifələr ətraflı izah olunur. Vurğulanıb ki, Xaçmaz rayonu ölkəmizin meyvə-tərəvəzçilik üzrə ixtisaslaşmış və geniş ixrac potensialına malik regionlarındandır. Bura həm də gömrük zonasına yaxın olduğu üçün ixrac və idxalla bağlı sahibkarları maraqlandıran bir çox məsələlər var. Məhz buna görə də Xaçmazda maarifləndirici görüşün keçirilməsi xüsusi əhəmiyyətə malikdir.
Sahibkarların diqqətinə çatdırılıb ki, AQTA tərəfindən 2018-ci il 1 iyul tarixindən etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılmasına başlanılıb. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikasında qida məhsulları sahəsində çalışan subyektlərin fəaliyyəti qida təhlükəsizliyi üzrə mövcud texniki normativ hüquqi aktların tələblərinə, həmçinin sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi üzrə qeydiyyata alınır. Qanuna əsasən, qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır.
Tədbirdə bildirilib ki, qeydiyyatdan keçən sahibkarlıq subyektləri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən daim nəzarətdə saxlanılacaq, onların qida təhlükəsizliyi standartları istiqamətində sağlamlaşdırılmasını təmin etmək üçün mütəmadi iş aparılacaq. Buna görə də sahibkarlar agentliklə sıx əməkdaşlıqda maraqlı olmalıdırlar.
Görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və istehsalçıların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.