MƏDƏNİYYƏT
Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi qeyd edilib
Bakı, 16 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində görkəmli kino rejissoru, Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xalq artisti Əbdül Mahmudov Tofiq Tağızadənin dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək özünəməxsus üslubu ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirdiyini deyib. Bildirib ki, ömrünün 40 ilə yaxın dövrünü kinoda keçirən sənətkar çəkdiyi filmlərdə özünü professional rejissor kimi təsdiq etməyi bacarıb.
Ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Tofiq Tağızadənin mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər salan Əməkdar incəsənət xadimi Ayaz Salayev bildirib ki, kinorejissorun lentə aldığı filmlərdə Azərbaycan tarixini, mədəniyyətini və məişətini tamaşaçıya sənətkarcasına çatdırıb.
Kinooperator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin bu il imzaladığı müvafiq Sərəncama əsasən, mərhum sənətkarın 100 illiyi münasibətilə respublikanın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçiriləcək, aktyorun yaradıcılıq yoluna bir daha nəzər salınacaq.
Qeyd olunub ki, sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərinin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir. Tofiq Tağızadənin respublikada kino işinin təşkili və kadr hazırlığı sahəsində də təqdirəlayiq xidmətləri vardır.
Tədbirdə rejissorun çəkdiyi “Dədə Qorqud” və “Arşın mal alan” filmlərindən fraqmentlər nümayiş olunub.
Beynəlxalq müsabiqələr laureatı, fortepianoçu Nigar Hüseynzadənin müşayiəti ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Lalə İbrahimova və Azərbaycan Milli Konservatoriyanın tələbəsi Elşən Məmmədovun ifasında “Arşın mal alan” musiqili komediyasından Gülçöhrə və Əsgərin dueti ifa olunub.
Sonda çıxış edən rejissorun qızı İranə Tağızadə atasının xatirəsinə göstərilən yüksək ehtirama görə təşəkkürünü bildirib.