MƏDƏNİYYƏT


Xarici müəlliflərdən kimləri oxuyursan?

Bakı, 8 dekabr, Məmməd Məmmədli, AZƏRTAC

Oxucuların ən çox sevdiyi məkanlardan biri Bakı Kitab Mərkəzidir. Bəs onlar daha çox hansı ədəbiyyata üstünlük verir, xarici müəlliflərdən kimləri oxuyurlar?

AZƏRTAC-ın müxbiri bu suala cavab almaq məqsədilə Bakı Kitab Mərkəzində olub və 2022-ci ildə ən çox oxunan xarici əsərlərin siyahısı ilə maraqlanıb.

Məlum olub ki, ən populyar əsərlərdən biri Corc Oruellin “1984” klassik antiutopiyasıdır. Sənətkarın şah əsəri sayılan “1984” ilk nəşrindən bu yana bütün dövrlərin ən oxunaqlı romanlarından birinə çevrilib, ən məşhur siyahıların ön pillələrində yer alıb. “1984” diktatura rejiminin bütün siyasi kələklərini insanı vahiməyə salan çılpaqlığı ilə göstərir. Onun az qala hər abzasında yazılan aforizmlər, bənzətmələr müəllifin iti müşahidələrindən, dərin zəkasından xəbər verir.

Ceyn Ostinin “Qürur və qərəz” əsərində qədim ingilis cəmiyyətinin xarakterik xüsusiyyətləri əks olunub. Beş qızını evləndirməkdən ötrü özünü oda-közə vuran Missis Bennet üçün kürəkəninin necə bir insan olması maraqlı deyil, təki oğlan kübar ailədən çıxsın, var-dövləti aşıb-daşsın. XIX əsr ingilis cəmiyyətində qadının ictimai mövqeyi onun ailə qurub-qurmaması ilə təyin olunurdu. Buna görə də valideynlər ictimai təzyiq altında əzilməmək üçün qızlarının hisslərinə əhəmiyyət vermədən onları evləndirməyə çalışırdılar.

İngilis romançılığını formalaşdıran böyük yazıçı Ceyn Ostin “Qürur və qərəz” romanında istehzayana üslubu ilə ictimai təbəqələşmənin yaratdığı nöqsanları və qadına hakim baxışı tənqid edir.

Digər kitablardan biri də Aleks Mixaelidesin “Səssiz pasiyent” romanıdır. Alisiya Berenson adlı məşhur rəssam həyat yoldaşı Qabrieli öldürəndən sonra danışmır. Hətta məhkəmədə də özünü müdafiə etmək üçün kəlmə kəsmir. Fikrini ifadə etmək məqsədilə o, “Alkesta” adlı avtoportret yaradır. Şəkilə nə üçün “Alkesta” adı verməsi uzun müddət qaranlıq qalır. Məhkəmə Alisiyanın psixi vəziyyətini nəzərə alıb onu ruhi xəstəxanaya göndərir. O, orada heç kimlə ünsiyyət qurmur. Teo Faber adlı psixoterapevt onu danışdıracağına söz verir. Gec də olsa, istəyinə nail olur. Alisiya qətldən bir neçə ay qabaq yazmağa başladığı gündəliyi Teoya verir. Bu gündəlik çox şeyi açıb göstərir...

Xarici bestsellerlər arasında, həmçinin “Sonunda ikisi də ölür” (Adam Silvera), “Королевство гнева и тумана” (Sara J Maas), “Dorian Greyin portreti” (Oskar Uayld), “On zənci balası” (Agata Kristi) və “Atomik vərdislər” (Ceyms Klir) əsərlərinin də adları çəkilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.