CƏMİYYƏT


Ölkəmizdə heyvan xəstəliklərinə nəzarətin yaxşılaşdırılması üçün yeni layihənin icrasına başlanılır

Bakı, 17 iyul, AZƏRTAC 

İyulun 17-də Qida Təhlükəsizliyi Agentliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədilə milli potensialın gücləndirilməsi sahəsində “Xəstəliklərə nəzarət və baytarlıq diaqnostikası üzrə milli potensialın təkmilləşdirilməsi” layihəsinin başlanması ilə əlaqədar seminar keçirib.

AZƏRTAC xəbər verir ki, bu il iyunun 1-dən 2020-ci ilin noyabrınadək keçirilən layihənin əsas məqsədi endemik və ekzotik transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması, diaqnostikası və erkən təsbiti üçün ölkəmizin müvafiq qurumlarının potensialının artırılması və bu sahədə FAO-nun Texniki Əməkdaşlıq Proqramı çərçivəsində hökumət orqanları, beynəlxalq qurumları, özəl sektor iştirakçılarını, QHT-lər və mətbuat da daxil olmaqla maraqlı tərəfləri bir araya gətirməkdir.

Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli endemik və ekzotik transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması, diaqnostikası və erkən aşkar edilməsi sahəsində son illər görülən işlər barədə məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədlərindən biri də heyvan xəstəliklərinin monitorinqini aparmaq, o cümlədən baytarlıq diaqnostikası sahəsində milli potensialın gücləndirilməsidir. Layihə ölkə ərazisində heyvan xəstəliklərinin profilaktika və diaqnostikasının düzgün aparılmasına və xəstəliklərə qarşı mübarizə metodlarının gücləndirilməsinə xidmət edir. Bununla yanaşı, regionlarda laborator diaqnostikalarının daha çevik və etibarlı olması, götürülən nümunələrin düzgün araşdırılması və laborator-ekspertiza nəticələrinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi də qarşıda duran əsas hədəflərdəndir. Sədr layihə çərçivəsində aparılan işlər zamanı xırdabuynuzlu heyvanlar arasında yayılan taun xəstəliyinə son qoyulmasının, yaylaq və qışlaq zonalarında mobil tipli sallaqxanaların təşkil olunması və regional səviyyədə təhlükəsizlik tədbirlərinin görülməsinin də əsas məsələlərdən biri olduğunu bildirib və bütün bu tədbirlər sayəsində heyvan xəstəliklərinin vaxtında aşkarlanması, xəstəlik ocaqlarının qarşısının alınması nəticəsində iqtisadi zərərlərin xeyli azalacağına əmin olduğunu ifadə edib.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, layihənin texniki rəhbəri Eran Raizman, Qida Təhlükəsizliyi Agentliyində heyvan sağlamlığı şöbəsinin müdir müavini, heyvan xəstəlikləri üzrə risklərin və böhran vəziyyətinin idarə edilməsi sektorunun müdiri Asəf Ağayev və başqaları təqdimatla çıxış ediblər.

Qeyd olunub ki, layihə ölkədə insan və heyvan sağlamlığı, qida təhlükəsizliyi və kənd təsərrüfatı məhsullarının rəqabətliliyinin artırılması işinə layiqli töhfə verəcək. Bu məqsədlə layihə çərçivəsində Milli Referans Laboratoriyası və 6 Regional Sınaq Laboratoriyalarının əməkdaşları, eləcə də bir sıra özəl və dövlət orqanlarında fəaliyyət göstərən baytarlar təlimlərə cəlb ediləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.