CƏMİYYƏT
Xəzər rayonunda “Sağlam gənclik - sağlam gələcək” devizi ilə idman festivalı keçirilib
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Xəzər Rayon İcra Hakimiyyətinin qarşısındakı Heydər Əliyev parkında “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalına dəstək məqsədilə “Sağlam gənclik- sağlam gələcək” devizi ilə idman festivalı keçirilib.
Tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon şöbəsinin sədri Həzərxan Əbilov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının aparat rəhbəri İlham Məmmədov, eləcə də rayonun müxtəlif idman klublarının idmançıları iştirak ediblər.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən natiqlər ölkəmizdə idmanın inkişafından, yeni idman obyektlərinin inşasından danışıb, idmançılarımızın həyat şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğını xüsusi vurğulayıblar.
İdman festivalı bədii hissədən sonra rayonda fəaliyyət göstərən idman klublarının nümunəvi çıxışları ilə davam edib.