QAN YADDAŞI
Xocalı soyqırımı Azərbaycanın tarixinə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olub
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də Azərbaycan Kooperasiya Universitetində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan anma mərasimi keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Xocalı soyqırımı barədə məlumat verən prorektor Fikrət Quliyev bu faciənin Azərbaycanın tarixinə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olduğunu söyləyib.
F.Quliyev 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistanın hərbi birləşmələri tərəfindən Xocalıda dinc və günahsız əhaliyə qarşı soyqırımı aktı həyata keçirildiyini və faciəyə hələ də beynəlxalq siyasi-hüquqi qiymət verilmədiyini söyləyib.
Çıxış edənlər Xocalı soyqırımını törədənlərin hələ də layiqli cəza almadıqlarını bildiriblər. Qeyd edilib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində erməni terrorçularının xalqımızın başına gətirdikləri məkrli əməllər dünya ictimaiyyətinin diqqətinə çatdırılır, bu faciənin layiqli hüquqi qiymətini tapması məqsədilə böyük işlər görülür. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası dünya ictimaiyyətinin faciə ilə bağlı məlumatlandırılmasında böyük əhəmiyyət kəsb edir.
Sonda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı qətliamı” filmi nümayiş etdirilib.