QAN YADDAŞI
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Uşaqlar və müharibə” mövzusunda tədbir keçirilib VİDEO
Bakı, 19 fevral, Xəyalə Məmmədova, AZƏRTAC
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar fevralın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə “Uşaqlar və müharibə” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə “Uşaqlar və müharibə” adlı sərgi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə azərbaycanlı və ölkəmizdə təhsil alan, xarici ölkələrin vətəndaşı olan uşaqlar xalqımıza qarşı törədilmiş soyqırımı cinayətləri, erməni vəhşiliyi, işğal zamanı həlak olmuş, ziyan çəkmiş insanlar barədə məlumatları iştirakçılara çatdıraraq, bu istiqamətdə mütəmadi şəkildə tədbirlərin keçirilməsini arzu etdiklərini diqqətə çatdırıblar.
“XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv erməni siyasətinin nəticəsidir”, - deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan xalqının son 200 ildə erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldığını vurğulayıb. O deyib: “Xalqımız dəfələrlə tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Beynəlxalq hüququn normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda istənilən cinayətə və vəhşiliyə hazır olduğunu nümayiş etdirir”.
Komitə sədri qeyd edib ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə həqiqi qiymətini tapması üçün yalnız dövlət qurumları deyil, bütün ictimai təşkilatlar, hər bir vətəndaş öz imkanları çərçivəsində fəaliyyət göstərməli, töhfəsini verməlidir. O, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevanın müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Heydər Əliyev Fondu artıq dünyanın 70-dən çox ölkəsində Xocalı faciəsinə həsr olunan tədbirlər keçirib.
Hicran Hüseynova rəhbərlik etdiyi qurum tərəfindən “Müharibə uşaqların gözü ilə” adlı kataloqun, Azərbaycan və ingilis dillərində “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” kitabının nəşr edildiyini vurğulayıb. “Bu kitabı hazırlayan zaman apardığımız dəqiq araşdırmalar nəticəsində bəlli oldu ki, Xocalı soyqırımı zamanı həlak olan uşaqların sayı altmış üç yox, yetmiş altıdır. Baxmayaraq ki, artıq iyirmi dörd ildir atəşkəs rejimi elan olunub, bu rejim Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə pozulur. Nəticədə mülki şəxslər, uşaqlar yaralanır, qətlə yetirilir, mülki obyektlərə ziyan vurulur. Bu, vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir”, - deyə komitə sədri diqqətə çatdırıb.
Sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, Nazirlər Kabinetinin humanitar və sosial məsələlər şöbəsinin baş məsləhətçisi Abid Tahirli, Milli Məclisin deputatları Aydın Mirzəzadə və Bəxtiyar Əliyev tədbirin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, heç bir rəhmli insan hər hansı bir uşağın, - istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndəsi, - müharibədən əziyyət çəkməsini istəməz. Lakin təəssüflər olsun ki, atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si isə yaralanıb. Bu uşaqlardan ən balacası iki yaşlı Zəhra Quliyevadır.