SİYASƏT


Xocavənd rayonu ərazisində yeni qərargah binası istifadəyə verilib VİDEO

Bakı, 9 iyul, AZƏRTAC

Xocavənd rayonunda səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov burada yeni istifadəyə verilən qərargah binasının açılışında iştirak edib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirə döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzinin, rabitə qovşağı və digər xidməti otaqların mövcud olduğu məruzə edilib.

Xidməti fəaliyyətin təşkili üçün binada bütün otaqların zəruri mebel və avadanlıqlarla tam təchiz olunması barədə nazirə ətraflı məlumat verilib.

Sonra müdafiə naziri hərbi qulluqçular üçün yeni istifadəyə verilmiş ikimərtəbəli yaşayış binasına baxış keçirib. Yeni bina ilə tanışlıq zamanı məlumat verilib ki, burada bütün mənzillər tam təmir olunub və zəruri kommunikasiya xətləri ilə təchiz edilib. Hərbi qulluqçuların səmərəli istirahəti üçün müasir standartlara uyğun şərait yaradılıb.

Görülən işləri müsbət qiymətləndirən nazir hərbçilərin xidməti və məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslərə tapşırıqlar verib.

Daha sonra general-polkovnik Z.Həsənov yeni istifadəyə verilən qərargah binasında komandir heyəti və qərargah zabitlərinin iştirakı ilə müşavirə keçirib.

Şəxsi həyəti müqəddəs Qurban bayramı münasibətilə təbrik edən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Müdafiə naziri bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlılığının artırılması barədə konkret tapşırıqlar verib.

Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzindən söz açaraq, müasir dövrdə, istər müharibə, istərsə də sülh şəraitində informasiya-kommunikasiya texnologiyaları sahəsində təhlükəsizlik tədbirlərinin görülməsinin xüsusi önəm daşıdığını vurğulayan müdafiə naziri kibertəhlükəsizliyin təmin edilməsində Azərbaycan Ordusunun inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrindən faydalandığını bildirib.

Sonra yeni yaradılan Əməliyyat (Komando) hərbi hissələrinin fəaliyyətinə dair məruzələr dinlənilib və komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi barədə müvafiq göstərişlər verilib.

Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlığın, həmçinin nizam-intizamın daha da artırılması, hərbi təyinatlı obyektlərin mühafizəsinin gücləndirilməsi, şəxsi heyətin qayğısına və sağlamlığına xüsusi diqqət yetirilməsi, eləcə də təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

General-polkovnik Z.Həsənov azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, həmçinin xidməti-döyüş və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə yeni hərbi infrastrukturun yaradılması istiqamətində görülən işlərlə bağlı göstərişlər verib.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və sağlamlığını itirən döyüşçülərimizin ailələrinin hər zaman olduğu kimi Qurban bayramı ərəfəsində də diqqət mərkəzində saxlanılması ilə bağlı müdafiə naziri müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.

Sonda hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.