CƏMİYYƏT
Xorvatiyada keçirilən halal qida və sənaye sərgisindəki Azərbaycan guşəsi maraqla qarşılanıb
Zaqreb, 4 noyabr, AZƏRTAC
Xorvatiyada İslamın rəsmi din kimi qəbul olunmasının 100-cü ildönümü münasibətilə Opatiya şəhərində halal ticarət, halal turizm, halal qida və İslam bankçılığına həsr olunmuş Dünya Halal Günlərinin açılış mərasimi keçirilib.
Mərasimdə Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, bu ölkədəki müsəlmanların rəhbəri müfti H.Azizoviç, yerli hakimiyyət orqanlarının başçıları, bir sıra ölkələrdən yüksək səviyyəli qonaqlar, biznes dairələrinin nümayəndələri və diplomatlar iştirak ediblər.
Xorvatiya Prezidentinin və Turizm, Kənd Təsərrüfatı, İqtisadiyyat, Xarici və Avropa İşləri nazirliklərinin himayəsi ilə keçirilən tədbirdə Türkiyə, Sinqapur, Hindistan, Malayziya, İndoneziya, Avstraliya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və digər ölkələrin 30-dan artıq nümayəndə heyəti, İslam bankçılığı və maliyyəçiliyi üzrə ekspertlər, müxtəlif istehsalçı və ticarət qurumlarının təmsilçiləri iştirak ediblər.
Dünya Halal Günləri çərçivəsində keçirilən halal qida və sənaye sərgisindəki Azərbaycan guşəsində ölkəmizin mədəniyyətini, iqtisadiyyatını və turizm imkanlarını əks etdirən çap və videomateriallar nümayiş etdirilib.
Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan guşəsini ziyarət edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb