MƏDƏNİYYƏT
Xorvatlar Bakıda möhtəşəm konsert veriblər
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xorvatiyanın məşhur “Ad Gloriam Brass” ansamblı möhtəşəm konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsert proqramı Xorvatiyanın ölkəmizdəki səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.
Tədbirə gələn qonaqları salamlayan Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç belə bir konsert üçün Bakıya gələn “Ad Gloriam Brass” qrupuna və dəstək üçün Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Səfir çıxışında Azərbaycan -Xorvatiya münasibətinə toxunaraq, ölkələrimiz arasındakı əməkdaşlığın bütün istiqamətlərdə gücləndiyini vurğulayıb.
Daha sonra proqram “Ad Gloriam Brass” ansamblının ifası ilə davam edib.
Konsertdə ansambl ölkənin İsiriya bölgəsindən olan Renessans dövrünə aid xorvat musiqilərini, daha sonra Xorvatiya vokal musiqisindən ənənəvi parçalar, həmçinin müasir xorvat bəstəkarı Tomislav Uhlikin “Kiçik folklor sərgisi” əsərini ifa edib.
Konsertin ikinci hissəsində dünya opera ədəbiyyatından hazırlanmış kompozisiyalar və məşhur əsərlər səsləndirilib.
Qeyd edək ki, “Ad Gloriam Brass” 26 ildir fəaliyyət göstərən bir sekstet ansamblıdır.