MƏDƏNİYYƏT
Xulio İqlesias musiqi sənayesinə verdiyi xüsusi töhfəyə görə “Grammy” mükafatına layiq görüləcək
Madrid, 11 fevral, AZƏRTAC
Xulio İqlesias ömür boyu musiqi nailiyyətlərinə görə “Grammy Lifetime Achievement Award” xüsusi mükafatına layiq görüləcək ilk ispan müğənnisi olacaq.
AZƏRTAC xəbər verir ki, ispaniyalı bununla da musiqi sənayesinə xüsusi töhfə verən əfsanəvi artistlərin siyahısına qoşulacaq. Elvis Presli, Frenk Sinatra, “The Beatles”, Barbara Streyzand, Areta Franklin, Bob Dilan, Maykl Cekson və digərləri bu mükafata layiq görülənlər arasındadır.
X.İqlesias özünün yarım əsrlik karyerası ərzində ispandilli ölkələrdə disklərinin ən çox satıldığı müğənni sayılıb. 1982-ci ildə Yaponiya bazarında 6 ay ərzində İqlesiasın 1,2 milyon diski satılıb, 1987-ci ildə isə o, ABŞ-da iki milyondan çox diski satılan ilk ingilisdilli olmayan musiqiçi hesab edilib.
X.İqlesias artıq “Grammy” və “Latin Grammy Awards” və digər mükafatların çoxsaylı heykəlciklərinin sahibidir. Bundan başqa ispaniyalı müğənni “Golden Record Award” Çin mükafatını qazanan yeganə əcnəbidir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid