CƏMİYYƏT
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri yanvarın 27-də başa çatıb.
XRİTDX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti Ankarada Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib.
Sonra Türkiyənin Sənaye və Texnologiya Nazirliyində, İnformasiya və Kommunikasiya İdarəsində (BTK), Türkiyə Elmi-Texnoloji Tədqiqatlar Şurasında və Prezident Administrasiyasının Rəqəmsal Transformasiya Ofisində görüşlər keçirilib.
Görüşlərdə Türkiyədə informasiya-kommunikasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində həyata keçirilmiş layihələr, qazanılmış elmi-texnoloji nailiyyətlər barədə ətraflı məlumat verilib, iki ölkə arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Xidmət rəisi İlqar Musayev görüşlərdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin fəaliyyət istiqamətləri və gördüyü işlər barədə məlumat verib.