ELM VƏ TƏHSİL
Xüsusi qabiliyyət tələb edən “Bədən tərbiyəsi və idman” ixtisası üzrə sınaq imtahanları aparılacaq
Bakı, 5 iyun, AZƏRTAC
2017/2018-ci tədris ili üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) tərəfindən tələbə qəbulu ilə bağlı iyunun 5–dən 20-dək saat 10.00-dan 17.00-dək xüsusi qabiliyyət tələb edən “Bədən tərbiyəsi və idman” ixtisası üzrə sınaq imtahanları keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sınaq imtahanları ADBTİA-nın stadion kompleksində və gimnastika zalında aparılacaq. Bu imtahanlar abituriyentlər üçün ödənişsizdir.
Sınaq imtahanları zamanı abituriyentlər ADBTİA-nın Atletika və Gimnastika kafedralarının mütəxəssisləri tərəfindən metodiki tövsiyələr, məsləhətlər ala biləcəklər.
Abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı olan vəsaitlərdə imtahan normativləri ilə tanış ola bilərlər.