REGİONLAR
YIĞINCAQDA ÖTƏN İLİN YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Mirikənd ərazi vahidliyi üzrə nümayəndəliyində 2007-ci ilin yekunlarına və carı ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir. Mirikənd ərazi nümayəndəliyi, həmçinin Məlçək və Qaravəlli kəndlərini əhatə edir. Üç yaşayış məntəqəsində 560 təsərrüfat vardır. Kənd fəallarının, ağsaqqalların, ziyalıların, sahibkarların və gənclərin iştirakı ilə keçirilən hesabat yığıncağında ərazi icra nümayəndəsi Möhübbət Məmmədovun hesabat məruzəsi dinlənilmiş, müzakirələr aparılmışdır. Qeyd olunmuşdur ki, ötən il iqtisadiyyatın əsasını təşkil edən əkinçilik və heyvandarlıq sahələrində uğurlu nəticələr qazanılmışdır. Əvvəlki illə müqayisədə taxıl istehsalı 200 tondan 420 tona, tərəvəz 90 tondan 120 tona, kartof istehsalı isə 40 tondan 80 tona çatmışdır. Nümayəndəlik üzrə qaramalın və davarların baş sayı artmış, məhsul istehsalı yüksəlmişdir. Habelə, üzüm plantasiyaları 4,7 hektara çatdırılmış, arı ailələrinin sayı artmışdır.
Hesabat məruzəsi ətrafında çıxışlarda ötən il sosial məsələlərin, xüsusən əhalinin elektrik enerjisi, təbii qaz və su təchizatı ilə əlaqədar görülmüş işlərdən danışılmışdır. Çıxış edənlər son illər kəndlərdə iqtisadiyyatın möhkəmlənməsini, sosial problemlərin həllini, insanların həyat səviyyəsinin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasını ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının uğurlu nəticəsi kimi dəyərləndirmiş, bunun üçün Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək respublikamızda, habelə Şamaxıda ötən il görülmüş işlərdən, xüsusilə tikinti, quruculuq və abadlıq işlərinin geniş vüsət aldığından danışmış, cari ildə qarşıda duran vəzifələrdən bəhs etmişdir.
Prezidentin İcra Aparatının məsul işçisi Rüfət Əliyev hesabat yığıncağında çıxış etmişdir.