MƏDƏNİYYƏT
YUNESKO-NUN JURNALINDA DƏRC EDİLMİŞDİR
Jurnalın iyun tarixli 31-ci nömrəsində tanınmış memarşünas-alim Cəfər Qiyasi və Rizvan Bayramovun Bakının qədim memarlıq abidələri və İçərişəhərlə bağlı yazdıqları “Bakının möhkəmləndirilmiş şəhəri” məqaləsi dərc olunmuşdur.
Bakının qədim tarixi olduğunu vurğulayan müəlliflər yazırlar: “Möhkəmləndirilmiş qala divarı ilə əhatə olunmuş İçərişəhər Azərbaycan Respublikası paytaxtının tərkib hissəsini təşkil edir. Bakının qala istehkamı Abşeron yarımadasının cənub hissəsində 21,5 hektar sahəni əhatə edir. Burada aparılmış həm tarixi, həm də arxeoloji tədqiqatlar şəhərin yaşının iki min ildən artıq olduğunu sübut edir.
Birinci əsrin başlanğıcında Bakı Xəzər dənizinin sahilində kiçik bir liman şəhəri idi” .
Sonra “Atəşgah” məbədi, bu sözün etimologiyası, oda sitayiş və zərdüştilik barədə ətraflı məlumat verilir və hətta vaxtilə İçərişəhərdə də belə bir məbədin olduğu bildirilir.
Məqalədə VI əsrdən XVI əsrə qədər olan dövrdə Bakının inkişaf edərək, strateji əhəmiyyətli böyük bir şəhərə çevrildiyi, Şirvanşahlar dövlətinin paytaxtı olduğu, Böyük İpək yolunun üzərində yerləşdiyi, XVI əsrdə Səfəvilərin hakimiyyəti zamanı ölkənin əsas şəhərlərindən biri kimi ictimai -siyasi hadisələrin mərkəzində olduğu açıqlanmışdır.
Belə bir tarixi ekskursiyadan sonra müəlliflər şəhərin çoxsaylı qədim abidələri, onların yaranma tarixləri və quruluşları barədə ətraflı söhbət açır, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, qala divarı və digər abidələrin Şərq memarlıq məktəblərinin zəngin ənənələrini yaşatdıqlarını bildirməklə yanaşı, XIX əsrin sonları - XX əsrin əvvəllərində Qərb memarlığı üslubunda binaların tikildiyini və onların şəhərin Şərq memarlığı nümunələri ilə qovuşaraq xüsusi bir ansambl təşkil etdiyini bildirirlər.
Müəlliflər xalqımızın milli və tarixi sərvəti olan abidələrin qorunub saxlanılması İçərişəhərin YUNESKO tərəfindən Dünyanın Mədəni İrs siyahısına daxil edildiyini xatırladır, onun Azərbaycan Prezidentinin 17 fevral 2003 -cü il tarixli Fərmanı ilə qoruq elan edilərək, hər hansı tikinti işinin aparılmasının qadağan olunduğunu vurğulayırlar.
İçərişəhərlə bağlı jurnalda dərc edilmiş şəkillərin müəllifi isə fransız fotoqrafı T. Vivdir.