İQTİSADİYYAT
Yanvar-fevral aylarında 21 sığorta şirkəti tərəfindən 130.2 milyon manat sığorta haqqı toplanıb
Bakı, 19 mart, AZƏRTAC
Yanvar-fevral ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 130.2 milyon manat məbləğində sığorta haqqı toplanıb, 40.5 milyon manat məbləğində sığorta ödənişi aparılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, könüllü sığorta bazarı üzrə haqlar 106.8 milyon manat, ödənişlər 29.6 milyon manat, icbari sığorta bazarı üzrə haqlar 23.4 milyon manat, ödənişlər isə 10.9 milyon manat olub.
Yanvar-fevral ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 82 faizi könüllü, 18 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 73 faizi könüllü, 27 faizi isə icbari sığorta növləri hesabına formalaşıb.
Bu müddətdə sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.