DÜNYA
Yaponiya koronavirusa qarşı “Aviqan” preparatını ehtiyac duyan ölkələrə ödənişsiz təqdim edəcək
Tokio, 3 aprel, AZƏRTAC
Yaponiya hökuməti yeni növ koronavirusa qarşı “Aviqan” preparatını ehtiyac duyan ölkələrə ödənişsiz təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 3-də Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib.
Xəbər verdiyimiz kimi, Yaponiya şirkəti tərəfindən qrip əleyhinə hazırlanan bu dərman yeni koronavirusa qarşı da yararlı hesab edilir və hazırda onun kliniki sınaqları keçirilir.
Hazırda 30 ölkə tərəfindən həmin dərmanla bağlı sifarişlərin daxil olduğunu qeyd edən Y.Suqa bildirib ki, hökumət “Aviqan”ın sınaqlarını genişləndirməyi planlaşdırır.
Baş katib əlavə edib ki, dərmanın müraciət edən ölkələrə ödənişsiz təqdim edilməsi nəzərdə tutulur.
Bildirilir ki, Almaniya hökuməti koronavirusa yoluxanların müalicəsi məqsədilə “Aviqan” dərmanından bir milyon bağlama almağı planlaşdırır.
Qeyd edək ki, Çin həkimlərinin bildirdiyinə görə, yeni növ koronavirusa yoluxmuş xəstələrdə aparılan kliniki sınaqlar bu dərmanın səmərəli olduğunu təsdiq edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio