DÜNYA
Yaponiyanın Kumamoto prefekturasında güclü zəlzələ baş verib VİDEO
Tokio, 15 aprel, AZƏRTAC
Aprelin 14-də axşam saatlarında Yaponiyanın cənub-qərbində yerləşən Kumamoto prefekturasında güclü zəlzələ baş verib. Təkrar təkanların hələ də davam etdiyi regiondan əhali təxliyə olunub. Faciə nəticəsində 9 nəfərin həlak olduğu bildirilir.
NHK televiziya kanalının avtomatik kameralarının çəkdiyi görüntülərdə 6,5 bal gücündə zəlzələnin axşam saat 21:30-da qeydə alındığı bildirilir. Güclü təkanlar nəticəsində mühüm mədəniyyət obyekti hesab olunan Kumamoto qəsrinin hasarının müəyyən hissəsi uçub.
NHK-nın kamerasının qeydə alındığı görüntülərdə qəsrin yaxınlığında yerləşən müxbir məntəqəsində divarların silkələndiyi aydın görünür.
Prefekturanın rəsmi nümayəndələri bildiriblər ki, bu gün saat 12:00-dək 1000-ə yaxın şəxsə tibbi yardım göstərilib. Həlak olanlardan birinin uçmuş divarlar altında qaldığı, digərinin isə yanğın nəticəsində dünyasını dəyişdiyi bildirilir.
Həmin regionda 120-dən çox təkrar təkan qeydə alınıb. Bu təkanlar binaların daha çox ziyan çəkməsinə səbəb olub.
Yerli qaz, su, elektrik enerjisi şirkətləri mindən çox ailənin susuz, işıqsız və qazsız qaldığını bildirib. Sürətli “Şinkansen” qatarlarının hərəkətində fasilə yaranıb.
Rəsmi nümayəndələrin sözlərinə görə, prefekturadan 45 minədək insan təxliyə olunub. Şəhər hakimiyyət orqanları öz qərargahlarını təxliyə mərkəzlərinə köçürməli olublar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio