DÜNYA
Yaponiyanın Ontake dağında vulkan püskürməsi davam edir VİDEO
Yaponiya polisi dağda olan 12 nəfərin həlak olduğunu təsdiq edib. Tənəffüs və ürək sisteminin dayandığı daha 24 nəfər aşkar edilib.
Yaponiyanın ikinci ən hündür zirvəsi sayılan Ontake dağında vulkan püskürməsi sentyabrın 27-də günorta radələrində qeydə alınıb. Ontake dağı payız vaxtı yarpaqların rənginin dəyişməsini seyr etməyi xoşlayan ziyarətçilər arasında xüsusilə məşhurdur.
Sentyabrın 29-da polis, yanğınsöndürmə və özünümüdafiə qüvvələrinin 540 nümayəndəsi axtarış-xilasetmə əməliyyatlarını bərpa ediblər. Lakin əməliyyat günorta saatlarında havanın tərkibində hidrogen sulfidin artması səbəbindən dayandırılıb.
Meteoroloji İdarənin nümayəndələri vulkanik süxurların düşməsi və piroklastik axın səbəbindən kraterlərə dörd kilometr məsafədə yaxınlaşmamağı tövsiyə edirlər. Ətrafdakı insanlara ümumiyyətlə həmin rayona yaxınlaşmamaları tövsiyə olunur.
Hazırda Ontake vulkanı püskürməkdə davam edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio