MƏDƏNİYYƏT


Yazıçımızın adı dünya şöhrətli yazarlarla bir sırada

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan yazıçısı Varisin adı Beynəlxalq London Mükafatının ötən gün açıqlanan yekun siyahısında yer alıb.

Həmyerlimizin Dumanlı Albionda diqqəti çəkən əsəri “Səmadan yıxılan mələk” dramı olub. Xatırladaq ki, bu əsərlə yazıçımız ötən il “The Hollywood Reporter” nəşrinin dram və kinossenari müsabiqəsində də iştirak etmişdir.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Yazıçılar Birliyinin (APİA) iki qurumla - Ədəbiyyat və Kino Xadimləri İttifaqı, eləcə də Beynəlmiləl Yazıçılar İttifaqının Rusiya bölməsi ilə birgə təsis etdiyi, poeziya, kiçik nəsr, böyük nəsr, estetika, ədəbi tənqid, bədii tərcümə və jurnalistika kimi yeddi nominasiyadan ibarət bu nüfuzlu mükafatı 2015-2019-cu illərin yekunlarına görə ən yaxşı yazarlara təqdim olunacaq.

İlkin siyahıda son 4 ildə fərqlənmiş 6 min namizəd yer almışdısa (hər ilin yekununa görə 1500 yazar), yekun siyahıda cəmi 600 (hər ilin yekununa görə 150 yazar) nəfər yer alıb. Mükafat marafonunun sonuncu mərhələsi isə qısa siyahının açıqlanması olacaq.

Yekun uzun siyahıda həmyerlimiz “Çarlz Dikkens adına böyük nəsr” nominasiyasında olduqca məşhur dünya yazarları ilə bir sırada qərarlaşıb. Onların arasında 2001-ci ildə Nobel mükafatına layiq görülmüş Hind əsilli Britaniya yazıçısı Vidiadxar Naypol, dördqat Oskar laureatı, zəmanəmizin ən nəhəng ssenaristi və kinorejissoru Vudi Allen, dünyada milyon tirajlarla satılan “Mələklər və şeytanlar”, “Da Vinçi şifrəsi” kimi superbestsellerlərin müəllifi Den Braun və digər yazıçılar yer alır.

Beynəlxalq London mükafatının yekun uzun siyahısına düşmək böyük uğur hesab olunur. Siyahıya düşmüş hər bir yazıçı artıq nominant döş nişanını, müvafiq fərqlənmə sertifikatını, “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adını və plaketini təmin etmiş olur.

Beynəlxalq London Mükafatının qalibi isə gələn il müəyyənləşəcək və Londonda keçiriləcək mərasimdə üzərində Böyük Britaniyanın bayrağı və qalibin adı həkk edilmiş qiymətli metaldan olan mükafata layiq görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.