İDMAN
Yekaterinburqdakı diasporumuz güləş üzrə beynəlxalq turnir təşkil edib
Bakı, 22 fevral, AZƏRTAC
Rusiyanın Yekaterinburq şəhərində Əməkdar idman ustası, dünya çempionu, Olimpiya Oyunlarının gümüş medalçısı Heydər Məmmədəliyev mükafatı uğrunda yunan-Roma güləşi üzrə 14-cü ənənəvi beynəlxalq turnir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, turniri təşkil edən “Azərbaycan-Ural” regional milli-mədəni ictimai təşkilatının təşəbbüsünü Sverdlovsk vilayətinin Bədən Tərbiyəsi və İdman Nazirliyi, Yekaterinburq Administrasiyasının bədən tərbiyəsi, idman və turizmin inkişafı üzrə idarəsi və Sverdlovsk vilayətinin güləş federasiyası dəstəkləyib.
İldən-ilə böyük maraq doğuran turnirdə Rusiyanın və qonşu ölkələrin rekord sayda gənc güləşçiləri yarışıblar. Qaliblərə mükafatları “Azərbaycan-Ural” regional milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski təqdim edib.
Qeyd edək ki, Avropa, dünya və Olimpiya çempionları fəxri qonaq qismində tədbirə qatılıblar.