CƏMİYYƏT
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib
Bakı, 12 aprel, Həsrət Mahmudova, AZƏRTAC
Aprelin 12-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, parlamentin deputatları - YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, partiyanın və təşkilatın gənclər birliklərinin üzvləri iştirak ediblər.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev konfransda çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclər üçün yaradılan əlverişli şəraitdən danışıb. Bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin təşəkkülü və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə həmişə böyük qayğı göstərib, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirib. Bunun sayəsində hazırda gənclər dövlət orqanlarında, parlamentdə, iri biznes və maliyyə qurumlarında, bələdiyyələrdə geniş təmsil olunur, ölkəmiz üçün taleyüklü məsələlərin həllində fəal rol oynayır, təhsil, mədəniyyət, idman və digər sahələrdə parlaq nailiyyətləri ilə Azərbaycanı dünyada uğurla təbliğ edirlər.
Diqqətə çatdırılıb ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələr üçün nümunədir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhəmiyyətli nəticələr əldə olunur. Sevindirici haldır ki, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən gənclər arasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri, o cümlədən YAP Səbail rayon təşkilatının gənc üzvləri də ilk sıralardadırlar.
Sonra Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən bəhs edən videoçarx nümayiş olunub.
YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədri Rəşad Fərəcov IV konfransdan ötən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.
YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, Birliyin ofisinin əlaqələndiricisi Elmar Məmmədov və “Qərbi Kaspi” Universitetinin tələbəsi Fuad Heydərli hesabat məruzəsi ətrafında çıxış edərək, görülmüş işləri qənaətbəxş qiymətləndiriblər.
Tədbirdə çıxış edən Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu və başqaları çıxışlarında Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində gənclərimizin qazandıqları nailiyyətlərdən danışıblar. Çıxışlarda YAP Səbail rayon təşkilatının gənclər birliyinin üzvlərinin də ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmələrindən məmnunluq ifadə olunub, birliyin fəaliyyəti yüksək qiymətləndirilib.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Səbail rayon təşkilatı gənclər birliyi şurasının, idarə heyətinin tərkibi müəyyənləşib. Səsvermə nəticəsində Ayxan Həsənov YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədri seçilib.