REGİONLAR
Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətçiliyimizin, müstəqilliyimizin qarantı olub
Masallı, 21 noyabr, Bağır Əliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında partiyanın yaranmasının 28-ci ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır” mövzusunda onlayn konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə, xüsusi karantin rejiminin qaydalarına əməl etməklə Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Sonra konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətini izləyiblər.
Onlayn konfransda Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev 2020-ci il 20 noyabr tarixinin Ağdamın, o cümlədən ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını bildirib: “Sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsi Qələbəmizlə başa çatdı və imzalanan üçtərəfli Bəyanata uyğun olaraq işğalçı ölkə əsgərləri noyabrın 20-də tamamilə Ağdamdan çəkildilər. Böyük Qələbə münasibətilə başda Prezidentimiz İlham Əliyev olmaqla Azərbaycan xalqını, o cümlədən masallılıları təbrik edirəm!”
S.Əliyev çıxışında YAP-ın fəaliyyəti barədə ətraflı məlumat verib.
Konfransda YAP Siyasi Şurasının üzvü, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək əlamətdar gün münasibətilə konfrans iştirakçılarını təbrik edib, Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaradıldığını diqqətə çatdırıb: -“Bu, həmin ərəfə idi ki, Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Müstəqil Respublika elan olunsa da, ancaq bu müstəqilliyi qoruyub-saxlamaq qeyri-mümkün bir hala çevrilmişdi.
Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq, o vaxt iqtidarda olanlar ancaq öz şəxsi niyyətlərinə, şəxsi arzularına xidmət edirdilər. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar böyük rəhbərə müraciət ünvanladılar.
1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi”.
Ş.Məmmədov çıxışında, həmçinin ölkəmizin əldə etdiyi uğurlardan, qazanılan nailiyyətlərdən danışaraq bildirib ki, Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir:-“Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərəcək, bir yumruq kimi dövlətimizin başçısının ətrafında sıx birləşəcək. Gələcək nəsillər 2020-ci ilin Zəfər tarixini qürurla öyrənəcəklər. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Onlayn konfransda YAP Masallı rayon təşkilatının Şura üzvləri Əfrail Fərziyev və Seymur Nuriyev, Heydər Əliyev Mərkəzi ərazi ilk partiya təşkilatının sədri Dilbər İbayeva və başqaları çıxış edərək bildiriblər ki, çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan Yeni Azərbaycan Partiyasının 28 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, partiya yarandığı gündən dövlətçiliyimizin, müstəqilliyimizin qarantı olub.