REGİONLAR
Yevlaxda təhsil işçiləri ilə görüş keçirilib
Yevlax, 20 noyabr, AZƏRTAC
Yevlax Şəhər İcra Hakimiyyətində rayonun təhsil işçilərinin bir qrupu ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən islahatlardan, qazanılan uğurlardan danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs sayəsində bu gün Azərbaycan regionun liderinə çevrilib. Müxtəlif sahələrdə həyata keçirilən islahatlar öz bəhrəsini verir. Prezident İlham Əliyev digər sahələrlə yanaşı təhsilin inkişafına, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.
Görüşdə şəhər icra hakimiyyəti başçısının müavini Elnarə Məmmədova, Təhsil Şöbəsinin müdiri əvəzi Xaləddin Niftəliyev və başqaları çıxış edərək, rayonda təhsil sahəsində mövcud vəziyyətdən, əldə olunan nailiyyətlərdən danışıblar. Məlumat verilib ki, ötən il Aran qəsəbə 1 nömrəli, Qaraməmmədli kənd tam orta, Aşağı Bucaq və Quşçu kənd ümumi orta məktəblərində cari təmir işləri aparılıb. Qoyunbinəsi kənd tam orta məktəbi üçün 434 yerlik yeni məktəb binasının tikilməsi, Xanabad kənd tam orta məktəbinin əsaslı, şəhər 7 və 8 nömrəli məktəblərin cari təmir olunması nəzərdə tutulub. Ərəbbəsrə kənd ümumi orta məktəbi üçün 96 yerlik modul tipli məktəb binasının quraşdırılmasına başlanılıb.
Diqqətə çatdırılıb ki, məktəblərin istilik sistemi ilə təminatı xeyli yaxşılaşıb. 10 şəhər, 11 kənd məktəbi fərdi istilik sistemləri ilə, 3 kənd məktəbi qazla, 33 məktəb isə odunla qızdırılır. Bununla yanaşı, təhsil şöbəsinin, şəhər 3 nömrəli məktəbin, Yuxarı Qarxun kənd tam orta məktəbinın binalarında istilik sistemlərinın qazlaşdırılması üçün tədbirlər görülür.
Şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev təhsil müəssisələrinin təmir-tikinti, istiliklə təminat və digər sahələrdə problemlərini, təhsil işçilərini narahat edən məsələləri öyrənib və onların həlli üçün tapşırıqlar verib.