İQTİSADİYYAT
Yol hərəkətinin idarə edilməsi sahəsində mövcud problemlər və yeniliklərə dair müzakirələr aparılacaq
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 12-də Bakı Sərgi Mərkəzində IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road & Traffic 2019” sərgisi çərçivəsində “Yol hərəkətinin təhlükəsizliyi” və “Yol təhlükəsizliyi üzrə Dövlət Proqramı” mövzularında panel müzakirələr keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iştirakçılar yol hərəkətinin idarə edilməsi sahəsində mövcud problemləri və bu sahədə tətbiq edilmiş yenilikləri müzakirə edəcəklər. Sərginin qonaqları açıq mikrofon vasitəsilə onları maraqlandıran sualları birbaşa ünvanlaya biləcəklər.
Müzakirə mövzuları sırasında “Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının həyata keçirilməsi”, “Yolların keyfiyyətinin yol hərəkəti təhlükəsizliyinə təsirləri”, “Sürücü və piyadaların məsuliyyət və şüurunun artırılma yolları”, “Yol tikintisi zamanı keyfiyyətinə nəzarət”, “Yol infrastrukturunda IT xidmətlərin və data-nın önəmi” yer alır.
Məruzəçi qisminə müstəqil ekspert Ərşad Hüseynov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Hərəkətlərin təşkili və təhlükəsizlik şöbəsinin rəisi Vaqif Yusifli, AAYDA-nın İnformasiya texnologiyaları şöbəsinin mütəxəssisi Rəşad Ələkbərov və digərləri çıxış edəcəklər.
Tədbirə bu link https://roadtraffic.az/az-Panel/ vasitəsilə qeydiyyatdan keçmək olar.