İQTİSADİYYAT
“Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartına dəyişiklik edilmişdir VİDEO
Bakı, 28 mart (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 636-2012 “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartına dəyişikliyi təsdiq etmişdir.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dəyişiklik bu ilin aprelin 1-dən tətbiq olunacaqdır. Əmrə əsasən, avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu barədə cədvələ dəyişiklik edilmişdir.
Qeyd edək ki, bu il aprelin 1-dən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normalarının tətbiqinə başlanacaqdır. Həmin vaxtdan etibarən Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların Avro-4 ekoloji normalara uyğunluğu əsas götürüləcəkdir.