MƏDƏNİYYƏT
Yusif Eyvazov: Opera musiqisi sahəsində Azərbaycan məktəbinin xüsusi yeri var
Paris, 7 fevral, AZƏRTAC
Cari ilin mayında Bakıda konsertimiz olacaq. Konsertə ciddi hazırlıq işləri gedir, yəqin ki, tezliklə dəqiq tarix elan olunacaq.
Bu sözləri Parisdə AZƏRTAC-a müsahibəsində dünya şöhrətli azərbaycanlı tenor, Xalq artisti Yusif Eyvazov deyib.
Bakının onun üçün sevimli şəhər olduğunu qeyd edən ifaçı təəssüflə bildirib ki, işlərinin çoxluğundan Azərbaycana istədiyi kimi tez-tez gedə bilmir. O, Bakının gündən-günə gözəlləşdiyini və böyüdüyünü bildirib.
“Xalqımızın yüksək musiqi duyumu, Azərbaycanın zəngin musiqi irsi var. Opera musiqisi sahəsində Azərbaycan məktəbinin xüsusi yeri mövcuddur. Klassik musiqi irsinin yaşadılması, gələcək nəsillərə çatdırılması sahəsində bəstəkarlarımız, ifaçılarımız musiqi tariximizdə dərin iz qoyublar.
Azərbaycan mədəniyyətinin, xüsusilə də musiqimizin dünyada təşviq edilməsində Heydər Əliyev Fondunun böyük rolunu qeyd etmək istəyirəm. Fond gənc musiqiçilərə dəstəyini əsirgəmir. Bir çox musiqiçilərimizin beynəlxalq səviyyədə tanınmasında Heydər Əliyev Fondunun əvəzedilməz rolu olub”, - deyə Azərbaycanın Xalq artisti Y.Eyvazov vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris