REGİONLAR
Zaqatalalı xanım istehsalçı: FAO-nun layihəsi çərçivəsində məhsullarımız geniş təşviq olunur
Qax, 12 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilən layihə çərçivəsində biz - Zaqatala rayonunun Yuxarı Tala kəndinin qadınları bir araya gələrək, “Çinar” istehsal qrupunu yaratdıq. Əsasən, mürəbbə və meyvə qurusu istehsalı ilə məşğul oluruq. FAO-nun dəstəyi ilə təşkil olunan bu qida yarmarkası bizə öz məhsullarımızı tanıtmaq və satışını həyata keçirmək üçün əlavə imkanlar yaradır. İnanırıq ki, bu layihənin köməyi ilə məhsullarımız tanınacaq, alıcılarımız daha da çoxalacaq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində FAO tərəfindən həyata keçirilən layihə çərçivəsində Qax rayonunda təşkil olunan qida yarmarkasının iştirakçısı, Zaqatala rayonunun “Çinar” istehsal qrupunun rəhbəri Səadət Dibirova söyləyib.
Tədbirin təşkilatçılarına təşəkkürünü bildirən istehsalçı məhsullarının çox bəyənildiyini vurğulayaraq deyib: “İşgüzar qadınları öz kəndlərində belə istehsal qrupları yaratmağa, məhsullarını daha geniş satış bazarlarına çıxarmağa səsləyirəm. Qoy, Vətənimizin torpağında yetişən məhsullarımız dünyanın hər yerində tanınsın, ailələrimizə gəlir gətirsin”.