REGİONLAR
Zaqatalanın tütün qəbulu məntəqəsinə hər gün 25 tonadək yaşıl tütün kütləsi daxil olur
Zaqatala, 5 iyul, Mustafa Dadaşov, AZƏRTAC
“Azərtütün” MMC-nin Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsi iyulun 1-dən fermerlərdən yaşıl tütün yarpağının qəbuluna başlayıb. Beş gün ərzində məntəqəyə Balakən və Zaqatala rayonlarının təsərrüfatlarından 120 tonadək yaşıl tütün kütləsi daxil olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə emal məntəqəsinin müdiri Mohuma Hüşənov məlumat verib.
Məntəqə müdiri bildirib ki, hər gün məntəqəyə qurudulmaq üçün 25 tonadək yaşıl tütün kütləsi daxil olur. Məntəqədə quraşdırılmış 56 ədəd odla tütünqurutma kamerasının hazırda 14-də tütün qurudulur. Hər kameraya bir dəfəyə 8 ton yaşıl tütün kütləsi yerləşdirilir və tütünün qurudulması prosesi 7-8 gün çəkir.
Balakən rayonunun Talalar kəndindən fermer İmran Cumayev hələlik məntəqəyə hamıdan çox – 23,8 ton yaşıl tütün təhvil verib. Zaqatala rayonunun Danaçı kəndindən Yunus Mustafayev isə ilk günlər məntəqəyə qurutmaq üçün 7,6 ton yaşıl tütün gətirib.
Qeyd edək ki, emal məntəqəsinin kameralarında yalnız “Virciniya” növlü ətirli tütünün qurudulması həyata keçirilir. Yerli tütün sortları isə ipə düzülərək açıq hava şəraitində qurudulur. MMC tərəfindən cari mövsümdə Zaqatala rayonunda 542,4 hektar, Balakən rayonunda isə 475 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilib.