REGİONLAR
Zərdabda 10 min hektar ərazinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb
Zərdab, 17 iyun, AZƏRTAC
Zərdab rayonunun ərazisində 10 min hektar dövlət fond torpağının suvarma suyu ilə təminatı məqsədilə həyata keçirilən layihənin icrası başa çatıb.
AZƏRTAC xəbər verir ki, yeni suvarma infrastrukturunun istismara verilməsi təntənəli mərasimlə qeyd olunub.
Çıxışlarda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi ilə bağlı verdiyi tapşırıqlar bir daha diqqətə çatdırılıb.
Vurğulanıb ki, bu tapşırıqlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə fevral ayında Zərdab rayonunda ilk suvarma layihəsinin icrasına başlanılıb. Layihəyə əsasən, əkin sahələrinə suyun Kür çayından verilməsi nəzərdə tutulub. Bu məqsədlə çayın sahilində sugötürücü qurğu, nasos stansiyası, 15 kilometr uzunluğunda kəmər inşa edilib. Həmçinin transformator və paylayıcı qurğu tikilib, Zərdab 35/10 kilovoltluq yarımstansiyasından 6 kilometr elektrik xətti çəkilib.
Tədbirdə çıxış edən fermerlər torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasının ərzaq məhsullarının bolluğuna səbəb olacağını bildiriblər.