QAN YADDAŞI
"AzerGold"da Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da "AzerGold" QSC-nin rəhbər və işçi heyətinin iştirakı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan anım tədbiri təşkil edilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
QSC-dən AZƏRTAC-a bildiriblər ki, "AzerGold"un idarə heyətinin sədri Zakir İbrahimov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsinin bu qanlı cinayət haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rol oynadığını bildirib. Sədr bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan geniş təbliğat işləri, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə start verilən "Xocalıya ədalət!" kampaniyası sayəsində bir çox ölkələrin qanunverici orqanları və ABŞ-ın 19 ştatı tərəfindən Xocalı soyqırımının tanındığını və xatırlandığını qeyd edib. Zakir İbrahimov işğal altında olan torpaqların, o cümlədən Xocalının azad olunacağı günün daha da tez yaxınlaşması üçün hər bir vətəndaşın dövlətimizin başçısının siyasi xətti ətrafında sıx birləşməsinin önəmini vurğulayıb.
Tədbir iştirakçıları Ulu Öndərin qurduğu və ölkəmizin başçısının uğurla inkişaf etdirdiyi güclü Azərbaycan dövləti sayəsində vətəndaşlarımıza qarşı bir daha belə cinayətlərin törədilməyəcəyinə dair öz əminliklərini bildiriblər.
Daha sonra "İrəli" İctimai Birliyi tərəfindən çəkilən "Böyüməyən uşaqlar" filmi nümayiş olunub.