İQTİSADİYYAT
"İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi"nə 73 ixtira patenti təqdim olunub
Bakı, 26 aprel, Ramiz Quliyev, AZƏRTAC
Bu il keçirilən "İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi"nə 73 ixtira patenti təqdim olunub ki, bu da əvvəlki illərin müsabiqələri ilə müqayisədə təqribən 2 dəfə çoxdur.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru Günel Sevdimalıyeva deyib.
Onun sözlərinə görə, müsabiqənin Təşkilat Komitəsinə daxil olan 73 ixtira patentin 18-i 1-ci, 2-ci, 3-cü və həvəsləndirici yerlərə layiq görülüb.
Baş direktor bildirib ki, qaliblərin seçilməsində 11 nəfərdən ibarət müsabiqə komissiyası iştirak edib. Komissiya üzvləri tərəfindən iqtisadiyyatın bütün sahələrini əhatə edən patent müəllifləri nominasiyalara layiq görülüb. Builki müsabiqədə ölkənin bütün regionlarından ixtiralar təqdim olunub və ən innovativləri qalib seçilib.
G.Sevdimalıyeva, həmçinin vurğulayıb ki, ötən illərdən fərqli olaraq, bu il mükafata layiq görülən ixtiralarla bağlı Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fonduna müraciət edilməsi barədə qərar qəbul edilib. Nazirlər Kabinetinə müraciətdə bu patentlərin istehsalatda tətbiqi ilə bağlı aidiyyəti qurumlara göstəriş verilməsi tövsiyə edilib.