"Göyçay-Süd" ASC Laçında yeni emal zavodu tikməyi planlaşdırır VİDEO
Ağdaş, 12 iyun, AZƏRTAC
Biz də 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı çərçivəsində keçirilən müşavirəyə qatıldıq, proqramın icrasına öz töhfəmizi vermək istəyirik. Hazırda “Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyəti gündəlik 35 ton süd məhsulu emal edir. Biz 2030-cu ilə qədər bu göstəricini 35 tondan 100 tona çatdırmağı planlaşdırırıq.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı Ağdaşda keçirilən regional müşavirədə iştirak edən “Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini Soltan Mustafalı deyib.
Laçın rayonunda həyata keçirmək istədiyi layihədən danışan S.Mustafalı deyib: “Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyi ilə danışıqlar aparılır. Layihənin hazırlanması və icrası istiqamətində əməkdaşlarımız birgə fəaliyyət göstərirlər. Laçın şəhərində ilkin dəyəri 10 milyon manat olan yeni süd və süd məhsulları, həmçinin meyvə şirəsi emalı zavodunun tikintisini nəzərdə tuturuq. Bu layihə çərçivəsində ölkədə kərə yağı ilə təminat səviyyəsinin 55 faizdən 100 faizə çatdırılmasına dəstək verməyi qarşıya məqsəd qoymuşuq. Biz də öz növbəmizdə yağ istehsalını illik 400 tona qədər artırmağı planlaşdırırıq. Bundan əlavə, Azərbaycanın ixrac etdiyi süd məhsullarının, o cümlədən xama, qaymaq və digər məhsulların istehsal və emal imkanlarını genişləndirməyi nəzərdə tuturuq”.
Müxbir – Rəşad Türkoğlu