İQTİSADİYYAT
"ICSD 2023" tədbirlərin keçirilməsi dövlət və özəl sektorun beynəlxalq səviyyədə əməkdaşlığı üçün böyük töhfədir

Bakı, 21 sentyabr, AZƏRTAC
Belə tədbirlərin keçirilməsi dövlət və özəl sektorun beynəlxalq səviyyədə əməkdaşlığı üçün böyük töhfədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən "ICSD 2023" ("Digital economies and cybersecurity") "Azərbaycan Kibertəhlükəsizlik günləri" beynəlxalq konfransının açılış mərasimində Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisinin müavini, general-mayor Allahverən İsmayılov deyib.
Allahverən İsmayılov qeyd edib ki, tədbirin keçirilməsi, həmçinin bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”ndan irəli gələn tədbirlərə daxildir.
Azərbaycanın informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir. Ölkənin sosial-iqtisadi tərəqqisinin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafı bu sahədə mövcud olan və yeni yaranan risklərin təhlilinin aparılmasını, mühafizə obyektlərinin dəqiqləşdirilməsini, onların aid olduğu informasiya infrastrukturlarının funksional dayanıqlığını, bu infrastrukturlardan istifadə edən subyektlərin hüquq və qanuni maraqlarını, fəaliyyətin davamlılığını təmin etmək üçün qabaqlayıcı və bərpaedici tədbirlərin müəyyənləşdirilmiş səviyyədə görülməsini, informasiya təhlükəsizliyini idarəetmə alətlərinin davamlı təkmilləşdirilməsini şərtləndirir.
Qloballaşan dünyada informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin olunması istər milli, istərsə də beynəlxalq səviyyədə əsas məsələyə çevrilib. Bu fəaliyyətdə insan, cəmiyyət və dövlət maraqlarının qorunması başlıca məqsəddir. Son zamanlar Azərbaycanın informasiya məkanına, o cümlədən onun tərkib hissələrinə (dövlət, özəl və qeyri-hökumət qurumlarının, fiziki şəxslərin sahib olduğu informasiya ehtiyatlarına və infrastrukturlarına, bu ehtiyatlarda olan məlumatların həyat boyu proseslərinə, həmin proseslər üçün istifadə olunan maddi və qeyri-maddi obyektlərə və onlar arasında əlaqələrə) qarşı texnoloji cəhətdən çoxşaxəli hücumlar genişlənməkdədir. Bu hücumların qarşısını almaq və kibertəhlükəsizliyi təmin etmək üçün bir sıra tədbirlər görüləcək. Bunlardan biri, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə bu il oktyabrın 26-27-də Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” tədbiri keçiriləcək.
Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçiriləcək. İştirak edən komandalar kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməli olacaqlar. Tədbir iştirakçıları iki gün ərzində həmin təlimləri dinləmək, kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, yarış və virtual “quiz”lərdə iştirak etmək imkanı qazanacaqlar.
A.İsmayılov bildirib ki, bu tədbir çərçivəsində keçiriləcək "Kibermüharibə" yarışının birinci mərhələsi artıq tamamlanıb və 31 komanda ikinci mərhələyə adlayıb. Final mərhələsi oktyabrın 27-də baş tutacaq.