"Qida Təhlükəsizliyi Könüllüləri" təşəbbüs qrupunun yeni üzvləri ilə görüş olub
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) "Qida Təhlükəsizliyi Könüllüləri" təşəbbüs qrupuna yeni qəbul olunmuş üzvlərlə ilk rəsmi görüş keçirilib.
AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ikimərhələli imtahan prosesini uğurla başa vuraraq seçilən 190 fəal gəncə ilkin olaraq institutun, eləcə də könüllülərin fəaliyyət istiqamətləri, qarşıya qoyulmuş hədəflər və məqsədlər barədə geniş məlumat verilib. Daha sonra isə interaktiv sual-cavab sessiyası keçirilərək gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Təşəbbüs qrupunda yeni fəaliyyətə başlayacaq könüllülər müxtəlif təlim və infoturlara, həmçinin istehlakçılar arasında maarifləndirmə işlərinin və sorğuların aparılmasına cəlb olunacaqlar. Eləcə də onlar ali, orta-ixtisas və peşə təhsili müəssisələri ilə qurulan sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən işlərdə iştirak edəcəklər. Könüllülər barədə məlumatlar müvafiq bazaya əlavə olunacaq və onlara müvafiq sertifikatlar təqdim ediləcək. Könüllülərin müxtəlif tədbirlərdə iştirak etməsi, istehsalat müəssisələrinə infoturlar təşkil etməsi və əhalini sağlam qida ilə bağlı məlumatlandırması onların qida təhlükəsizliyi sahəsindəki təsirini daha da gücləndirir.
Qeyd edək ki, “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun əsas məqsədi ölkəmizdə qida təhlükəsizliyi və gənclər siyasəti üzrə həyata keçirilən fəaliyyətlərə ictimai dəstəyin göstərilməsindən, eyni zamanda, gənclərin müvafiq sahələrə töhfə verməsinə şərait yaratmaqdan ibarətdir.