İDMAN
“Sabah”ın basketbolçusu: Çempionluqda bütün oyunçuların əməyi var
Bakı, 25 may, AZƏRTAC
"Möhtəşəm qələbə idi. Komandamla qürur duyuram".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Sabah" komandasının basketbolçusu Artyom Butyankovs final seriyasının dördüncü oyununda "Xəzri"yə qalib gələrək Azərbaycan çempionu olmaları barədə danışarkən deyib.
Latviyalı oyunçu "Xəzri"nin güclü komanda olduğunu bildirib: "Onları təbrik edirəm. Sonadək mübarizə apardılar. Oyundan əvvəl çempionluqla bağlı bizdə tərəddüd var idi. Çünki bu, idmandır və hər şey ola bilər. Meydanda ən yaxşı olan tərəf ölkə çempionu olacaqdı. Bunu bacardığımız üçün xoşbəxtik".
33 yaşlı basketbolçu öz çıxışından da razı qaldığını söyləyib: "Komanda yoldaşlarımın köməyi sayəsində özümü yaxşı tərəfdən göstərə bildim. Bu qələbədə bir nəfərin deyil, hər kəsin adını qeyd etməliyəm. Çünki burada bütün oyunçuların əməyi var".
Artyom Butyankovs final fiti komandasını dəstəkləyən azarkeşlərə təşəkkür edib: "Möhtəşəm atmosferdə oynamaq bizə əlavə güc verirdi. Komandanın xalla nəticələnən hər atışında arena coşurdu".