SİYASƏT
ABŞ-da “Turk of America” jurnalının internet saytında “XX əsrin ən dəhşətli faciəsi: Xocalı soyqırımı” sərlövhəli məqalə dərc olunmuşdur
Vaşinqton, 26 fevral (AZƏRTAC). ABŞ-dakı türk diasporunun Nyu-Yorkda fəaliyyət göstərən “Turk of America” jurnalının internet saytında “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənovun və həmin qəzetin əməkdaşı Rauf Əliyevin birgə müəllifliyi ilə “XX əsrin ən dəhşətli faciəsi: Xocalı soyqırımı” sərlövhəli məqalə ingilis dilində yayılmışdır. (http://www.turkofamerica.com/index.php?option=com_content&task=view&id=1556&Itemid=0).
Məqalədə qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə insan hüquq və azadlıqlarından ağızdolusu danışan müasir dünyanın gözü qarşısında Xocalıda dəhşətli faciə baş vermişdir. Erməni silahlı birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin böyük hissəsi əsasən ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə silahsız, müdafiəsiz, günahsız Xocalı sakinlərini amansızlıqla qətlə yetirmişlər. Onlar əsir götürüldükləri insanlara dəhşətli işgəncələr vermiş, dinc əhalini - uşaq, qoca və qadınları xüsusi qəddarlıqla öldürmüşlər. Müəlliflər yazırlar ki, Xocalı soyqırımının dəhşətli bir faciə olduğunu təkcə Azərbaycan xalqı deyil, həm də hadisənin şahidi olmuş müxtəlif xarici ölkə jurnalistləri, faşizmə qarşı olan hərbçilər və hətta bəzi ermənilər də xüsusi qeyd etmişlər. Onlar arasında Fransadan olan jurnalist Jan-İv Yunetin, İngiltərənin “Frant layn nyus” telekompaniyasının jurnalisti Rori Patriksin, Rusiyanın nüfuzlu “İzvestiya” qəzetinin müxbiri V.Belıxin, rusiyalı hərbçi, mayor Leonid Kravetsin, Xocalıda ermənilərin vəhşiliyini görən və sonra Beyruta qaçan erməni jurnalist Davud Xeyriyanın yazdıqları dəhşətli faciənin miqyasını ortaya qoyur. Faciənin baş verdiyi gün təsadüfən sağ qalmış azərbaycanlıların acı xatirələrinin də yer aldığı məqalədə bildirilir ki, bu gün Xocalı soyqırımı tarixdə baş verən Xatın, Liditsa, Oradur soyqırımı aktları ilə müqayisə oluna bilər. Müəlliflər qeyd etmişlər ki, bəşəriyyətin bir daha belə bir faciə yaşamaması üçün dünyanın sülhsevər insanları, sivil demokratik dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.
Məqalənin yayımlandığı səhifədə Xocalı faciəsinin şahidləri olan xarici ölkələrdən olan jurnalistlərin şəkilləri və soyqırımından bəhs edən sənədli film də yerləşdirilmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton