DÜNYA
ABŞ Dövlət Departamenti bütün dünyada terror aktları təhlükəsinin davam etməsi barədə ölkə vətəndaşlarına xəbərdarlıq etmişdir
Bakı, 26 sentyabr (AZƏRTAC). “Əl-Qaidə” terror şəbəkəsi bütün dünyada ABŞ-ın mənafeyinə zidd olan terror aktları planlaşdırmaqda davam edir. Bu fikir ABŞ Dövlət Departamenti tərəfindən xarici ölkələrə gedən Amerika vətəndaşları üçün yayılmış xəbərdarlıqda öz əksini tapmışdır.
Sənəddə deyilir: “Əldə olan məlumata görə “Əl-Qaidə” və onunla əlaqədar təşkilatlar, habelə başqa terror qrupları dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Asiya, Afrika və Yaxın Şərqdə ABŞ-ın mənafelərinə zidd olan terror aktları planlaşdırmaqda davam edirlər. Bu hücumlar həyata keçirilərkən intiharçılardan istifadə edilən əməliyyatlar, qətllər, adam oğurluqları, təyyarələrin qaçırılması və partlayışlar təşkil edilməsi kimi müxtəlif taktika tətbiq oluna bilər. Ekstremistlər həm adi, həm də qeyri-ənənəvi silah növlərindən istifadə edə bilərlər”.
ABŞ-ın xarici siyasət idarəsi xatırladır ki, terrorçular çox vaxt iri idman tədbirlərinin keçirildiyi yerləri, yaşayış rayonlarını, şirkətlərin ofislərini, otelləri, klubları, restoranları, kilsələri, məktəbləri, ticarət mərkəzlərini hədəf seçirlər.
Dövlət Departamenti xəbərdarlıq edir ki, terrorçular “nəqliyyat sistemlərinə və digər turizm infrastrukturu obyektlərinə hücum edə bilərlər.
Sənəddə Yəmən, Livan, Bəhreyn, İraq, Əlcəzair, Liviya, Misir, Tunis, Suriya, Somali, Əfqanıstan və Pakistana səfərlərin amerikalılar üçün yüksək təhlükə mənbəyi olması qeyd edilir. Keniyanın adı ayrıca çəkilir.
Dəniz səyahətinə çıxan ABŞ sakinlərinə Somali sahillərinə 200 dəniz milindən artıq yaxınlaşmamaq tövsiyə edilir, çünki bu bölgədə piratlar tərəfindən silahlı hücumların sayı artmışdır. Mərkəzi Asiya ölkələrinə yola düşən ABŞ vətəndaşlarına isə bildirilir ki, həmin regionda Özbəkistan İslam Hərəkatı, “Əl-Qaidə”, “İslam cihadı ittifaqı” və “Şərqi Türküstan islam hərəkatı” kimi terrorçu qruplaşmaların tərəfdarları fəallaşmışlar.