DÜNYA
ABŞ hərbçilərinin növbəti qrupu Polşaya gəlib
![ABŞ hərbçilərinin növbəti qrupu Polşaya gəlib](/files/2022/1/1200x630/16442589204411655031_1200x630.jpg)
Varşava, 7 fevral, AZƏRTAC
ABŞ-ın 82-ci hava-desant diviziyasının növbəti qrupu Polşanın Rzeşov yaxınlığındakı Yasionka hərbi aviabazasına enib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Polşanın Müdafiə Nazirliyi təsdiqləyib. Qeyd edilib ki, ABŞ hərbçilərinin Polşaya müvəqqəti yerləşməsi NATO-nun şərq cinahının gücləndirilməsi məqsədini daşıyır. Yaxın müddət ərzində Polşaya göndərilən ABŞ hərbçilərinin sayı 1700 nəfərə çatacaq.
Polşa ordusunda briqada generalı Voyçiex Marxvitsa bildirib ki, desant qüvvələri yerli qüvvələrlə birlikdə ardıcıl təlimlər keçəcəklər.
ABŞ-ın 82-ci hava desant diviziyasının komandiri general Kristofer Donahyu Polşaya verilən dəstəyin NATO çərçivəsində həmrəyliyin sübutu olduğunu vurğulayıb. O bildirib ki, 82-ci Hava Desant Diviziyasının qoşunları "bütün sahələrdə müttəfiqlərin hazırlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini gücləndirmək və lazım gələrsə, NATO alyansını qorumaq üçün" Polşaya köçürülmək əmri alıb.
Polşanın PAP agentliyinin məlumatına görə, ABŞ Avropada yerləşdirilməsi üçün 8500 hərbçisini yüksək hazırlıq vəziyyətinə gətirib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava