ELM VƏ TƏHSİL
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Azərbaycan Dillər Universitetində olmuşdur
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinqlə görüşmüşdür.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, görüşdə ABŞ ilə Azərbaycan arasında əlaqələrin hazırkı durumu, ADU ilə Amerika universitetləri arasında mövcud əməkdaşlıq, ADU-dakı Amerika mərkəzinin fəaliyyəti haqqında fikir mübadiləsi aparılmışdır.
S.Seyidov Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyədə olduğunu, ADU-nun da ABŞ universitetləri ilə əlaqələrinin bu istiqamətdə inkişaf etdirdiyini demişdir. Rektor ADU-dakı İnformasiya Resurs Kompleksinin, o cümlədən Amerika mərkəzinin fəaliyyətindən danışmışdır. S.Seyidov demişdir ki, ABŞ ilə münasibətlər çox vacib və əhəmiyyətlidir. O, bu sahədə ABŞ-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətindən də bəhs etmişdir. Qarşılıqlı səfərlərin genişləndiyini diqqətə çatdıran rektor bu yaxınlarda Vaşinqtonda keçirilən tədbirə toxunmuşdur. O, ABŞ səfirliyi ilə ADU arasındakı əməkdaşlıqdan və ikitərəfli əlaqələrdən məmnun olduğunu dilə gətirmiş və bu əlaqələrin inkişaf etdirilməsini vacib saymışdır.
Adam Sterlinq ABŞ-Azərbaycan münasibətlərinin inkişafını yüksək qiymətləndirdiyini bildirmişdir. O, bu yaxınlarda Vaşinqtondakı tədbirin çox əlamətdar bir hadisə olduğunu vurğulamışdır. Azərbaycanın ABŞ-da təbliği üçün bir sıra layihələrin reallaşdırılmasının vacibliyi diqqətə çatdırılmışdır. Diplomat Amerika səfirliyi ilə əməkdaşlıq çərçivəsində ADU-da birgə tədbirlərin keçirilməsindən və tələbələrlə ünsiyyətdən razı qaldığını söyləmişdir.