SİYASƏT
ABŞ-IN AZƏRBAYCANDAKI SƏFİRLİYİ AMERİKA HÖKUMƏTİ NÜMAYƏNDƏSİNİN BAKIYA SƏFƏRİ İLƏ BAĞLI MƏTBUATDA GETMİŞ YANLIŞ MƏLUMATI TƏKZİB EDİR
Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi ABŞ hökuməti nümayəndəsinin Bakıya səfəri ilə bağlı mətbuatda getmiş yanlış məlumatla əlaqədar bildirmişdir ki, ABŞ senatı Təxsisatlar komitəsinin yüksək vəzifəli əməkdaşı Pol Qrouv Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Azərbaycandakı hazırkı vəziyyətlə, habelə Təxsisatlar komitəsinin səlahiyyətinə daxil olan ABŞ yardım proqramları ilə tanışlıq üçün Bakıda da olmuşdur. Səfir və səfirliyin digər işçiləri ilə müzakirələrlə yanaşı, cənab Qrouv ABŞ qeyri-hökumət təşkilatlarının, işgüzar dairələrinin nümayəndələri ilə də görüşmüşdür. O, xarici işlər naziri Vilayət Quliyevlə və Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla da görüşlər keçirmişdir. Bu qəbildən olan səfərlərdəki kimi, cənab Qrouv bir neçə müxalif siyasi partiyanın nümayəndəsi ilə də görüşmüş, hazırda Azərbaycanın qarşısında duran məsələlər barəsində onların fikirləri ilə tanış olmuşdur. Bu görüş zamanı Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə bağlı məsələ müzakirə edilməmişdir.
Cənab Qrouvun Bakıya səfəri ABŞ konqresinin Azərbaycana və ABŞ-Azərbaycan əməkdaşlığının gələcək üstün istiqamətlərinin hökumətlə müzakirəsinə göstərdiyi marağını əks etdirir.